İlk dəfə keçiriləcək Bakı Su İnnovasiya Forumu (Water İnnovation Forum Baku) sudan səmərəli istifadə, bu sahədə optimal həll yolları və mütərəqqi texnologiyalardan istifadə, çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri, suyun keyfiyyətinin idarəedilməsi, ölçü və nəzarət texnologiyaları mövzularına həsr edilmişdir.
3 paneldən ibarət olacaq bu forumda aidiyyəti dövlət qurumları, əlaqədar digər təşkilatlar, yerli və dünyanın aparıcı şirkətlərinin mütəxəssislərinin çıxışı, müvafiq sahədə fəaliyyət göstərən yerli və xarici şirkətlərin, o cümlədən bütün maraqlı tərəflərin iştirakı təşkil ediləcəkdir. Forum ölkəmizdə sudan səmərəli istifadəni təşviq etmək, çirkab (tullantı) suların təkrar emalı vasitəsi ilə ətraf mühitə olan neqativ təzyiqlərin (footprint) azaldılması, bu sahədə olan effektiv və mütərəqqi texnologiyaların öyrənilməsi, tətbiqi, o cümlədən dövlət və özəl sektorun sıx əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində müzakirə mühiti yaradılması məqsədilə həyata keçirilir. Forum canlı (oflayn) və onlayn olmaqla, hibrid formatda həyata keçiriləcəkdir. İştirakçılar dairəvi masa ətrafında (kabare formatında) 5-8 nəfər olmaqla yerləşdirilir.
Onlayn iştirakçılara müvafiq platforma üzərindən öncədən yaradılmış link göndəriləcək və forumu sonadək izləmə imkanı yaradılacaqdır.
Tədbirdə xüsusi dəvət edilmiş şəxslər, müraciət edən şəxslərdən yalnız layihə təşkilatçısı tərəfindən seçilmiş olanları iştirak edəcəklər.